Prezident: “Avropada yenə də faşizm baş qaldırır?”

Azərbaycan prezidenti İlham Əliyev Ağsu rayonuna səfər edib. APA TV-nin verdiyi xəbərə görə, dövlət başçısı Ağsu İdman Kompleksinin açılışını edib.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan kompleksin tikintisinə 2013-cü ilin may ayında başlanıb. Tikinti işləri  bu ilin sentyabrında başa çatdırılıb. Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub. Kompleksdə istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaq. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib.

 

Dövlət  başçısı rayon mərkəzində Heydər Əliyevin adını daşıyan parkın açılışında da iştirak edib. Prezident əvvəlcə parkda Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

 

Prezident İlham Əliyev daha sonra  Yeni Azərbaycan Partiyasının (YAP) Ağsu rayon təşkilatının yeni inzibati binasının və Ağsu Şahmat Məktəbinin açılışında iştirak edib.
 

Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev ərazidə salınan Şahmat parkına da baxıb.
 

Burada sakinlərin, eləcə də məktəbə gələnlərin istirahəti üçün hər cür şərait yaradılıb. Parkda açıq hava şəraitində şahmat taxtası qurulub. Ağsuda səfərdə olan prezident İlham Əliyev dünyada baş verən proseslərdən danışıb.

"Avropada böhran yaşanır. Mən demişəm, bu, daha çox mənəvi böhrandır. Qaçqınlara münasibətdə bu ayrı-seçkilik, bu pis rəftar heç bir çərçivəyə sığmır. Özləri prinsiplər, dəyərlər bəyan edirlər. Başqa ölkələrin daxili işlərinə qarışmaq üçün bunu bayraq edib danışırlar. Onlara demək lazımdır ki, onda bu prinsipləri öz ölkənizdə də göstərin. Qadınları, uşaqları, qocaları döyürlər, onlara işgəncə verirlər. Bu insanların nə günahı var? Ayrı-seçkilik göstərirlər, deyirlər ki, müsəlman qaçqınları buraxmayacağıq, bu nə deməkdir? Bu faşizmdir, irqçilikdir, ksenofobiyadır. Yenə də Avropada faşizm baş qaldırır?! Axı faşizm bir bəla kimi müsəlman aləmində yaranmayıb".

 

Azərbaycanın heç bir təxribata getməyəcəyini bildirən Azərbaycan prezidenti İlham Əliyev heç bir yalanın cavabsız qoyulmayacağını, ölkəmizin dostluq üçün atılacaq addımlara hazır olduğunu qeyd edib.

 

"Biz bu təxribatlara getmirik. Getməyəndə də onlar üçün pis oluruq. Eybi yoxdur, qoy onlar üçün pis olaq. Əgər onlar bizi tənqid edirlərsə, deməli, biz düzgün yoldayıq. Bu da var. Azərbaycan xalqı güclü xalqdır, bütün təzyiqlərə dözür, dözəcək, öz sözünü deyir, heç bir yalanı cavabsız qoymur, qoymayacaqdır və bütün dünyaya sübut edir ki, bizimlə ancaq dostluq münasibətləri qurmaq olar. Biz buna hazırıq. Əgər onlar hazırdırlarsa, biz də hazırıq. Əgər yox, onda, necə deyərlər, səninki səndə, mənimki məndə".

 

Müəllif | Apa.Tv
Apa.tv