Nazir müavini: "Dərmanların qiymətinin tənzimlənməsi bəzi problemlər yaradacaq"

"Dərman preparatlarının qiymətinin tənzimlənməsi müəyyən problemlər yaradacaq". APA TV-nin xəbərinə görə, bunu  səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Nazir müavini hesab edir ki,  bu problemlərdən qorxmamalı və işlər davam etdirilməli, yaxşı nəticənin əldə olunacağına inanmaq lazımdır.

 

"Tarif Şurasının qərarından sonra qiymətləri bir neçə dəfə düşən dərman preparatları var. Əsas məqsədimiz odur ki, birinci növbədə ölkə əhalisinə satılan dərmanlar keyfiyyətli olsun, ikinci növbədə isə dərmanların qiyməti aşağı olsun. Çox baha olan dərmanların süni şəkildə qiyməti qaldırılırsa, əlbəttə ki, biz onun bazarda olmasının tərəfdarı deyilik".

 

Elsəvər Ağayev qeyd edib ki, bu gün Azərbaycanın dərman bazarında qeydiyyatdan keçən dərman preparatlarının 57 faizi Avropanın payına düşür. Bununla yanaşı 26 faiz MDB ölkələrinin, onların da içərisində 12 faizi Rusiyaya aiddir. Hindistanın və digər Asiya ölkələrinin payına isə çox kiçik faiz düşür.

 

Ana və uşaq ölümlərindən danışan nazir müavini bildirib ki, bu sahədə artım qeydə alınmayıb.

 

"İndi hər bir ana ölümü faktı Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırılır, bu faktlar mətbuatda işıqlandırılır. Ancaq ümumi rəqəmlərlə götürdükdə, ana və uşaq ölümünün sayında artım müşahidə olunmayıb". 

Nazir müavini bölgələrdə çalışan həkimlərə güzəştlərin tətbiq edilməsi üçün 5 illik proqramın mövcud olduğunu deyib. Lakin bölgələrdə həkim təminatında yenə də problemlərin qaldığını bildirib. Yeni proqramın qəbul olunması üçün Nazirlər Kabinetinə müraciət edildiyini vurğulayıb.

Müəllif | Apa.Tv