Azərbaycana qaçan Vaan Martirosyan: "Müharibə başlasa, Ermənistan məhv olacaq"

"Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək”. APA TV-nin məlumatına görə, bunu Azərbaycandan sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
 

“Ermənistan Ordusunun gücü hazırda hər hansı orduya cavab verəcək səviyyədə deyil. Orduda xidmət edənlərdə vətənpərvərlik yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək”.

 

Azərbaycandan sığınacaq istəyən Vaan Martirosyan bildirib ki, Şuşa şəhəri  hazırda boşdur. "Dağlıq Qarabağa göndərilərək hərbi fəaliyyətlərdə iştirak etmək üçün Ermənistanda Yaxın Şərqdən gələn qaçqınlardan ibarət terror qruplaşmaları yaradılır", deyən  Vaan Martirosyanın sözlərinə görə, Yaxın Şərqdə hərbi fəaliyyətlər dövründə Ermənistana çoxlu erməni köçürülüb:

 

"Onların əksəriyyəti Ermənistanda baş verən bütün dəhşətləri görərək dərhal ölkəni tərk edib. Kriminal keçmişi olanlardan isə Dağlıq Qarabağa göndərilən qruplaşmalar yaradılır".

 

Ermənistanın “Milli Azadlıq Hərəkatı” ictimai-siyasi təşkilatının rəhbəri bəyan edib ki,  Serj Sərkisyanın ailəsi reketçiklə məşğul olur. Onun sözlərinə görə, Serj Sarkisyanın qardaşı Aleksandr Sərkisyanın hətta “Saşa 50/50” ləqəbi var, çünki o iş adamlarından biznesin iri və ya kiçik olmasına baxmayaraq, gəlirlərinin yarısını zorla alır:

 

“Aleksandrın adamları mənim tanışım olduğu konserv zavodunun rəhbərinin oğlunu oğurladılar. Nəticədə o, gəlirin yarısını vermək məcburiyyətində qalıb. Serj Sarkisyanın digər qardaşı Levon Sərkisyan uşaqların müalicəsi adı ilə Avropa və ABŞ-dan pul dilənən xeyriyyə fonduna rəhbərlik edir. Əslində isə pullar həmin məqsədlərə xərclənmir və Sərkisyan ailəsinin cibinə gedir”.

 

O diqqətə çatdırıb ki, Serj Sərkisyan və Robert Köçəryanın başçılıq etdiyi “Qarabağ klanı” Ermənistanı və xalqını sevmir, əksinə nifrət edir:

 

“Ermənistan Afrikanın üçüncü dünya ölkələrindən daha pis vəziyyətdədir. Ermənistanda iş yoxdur. İnsanlar xaricdə yaşayan qohumlarından yardım almasa, hamısı çoxdan acından ölərdi. Korrupsiya çox yüksək səviyyədədir. Hamı bilir ki, məsələn, kənd yerində müəllim işləmək üçün 3 min dollar, şəhər məktəbində isə 10 min dollar rüşvət ödəmək lazımdır”.

 

Vaan Martirosyan əlavə edib ki, heç kəs Dağlıq Qarabağda yaşamaq istəmir: “Orada boş şəhərlər var. Dağlıq Qarabağda indi seçkilər keçirilsə, xalq Azərbaycanla birləşməyin lehinə səs verəcək”.

 

Təşkilat rəhbəri pul oğurluğunda ittiham edilməsini təkzib edib: “Hakimiyyət mənə qarşı kampaniyaya başladıqdan sonra iddiaçı mənim əleyhimə ərizə verib. O, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təsiri altında edib”.

 

"Sərhədlər açılarsa, Ermənistandan Azərbaycana qaçqın axını Avropaya qaçqın axını kimi olacaq" deyən Martirosyan, Ermənistanda qalan anasının və həyat yoldaşının qardaşının təhlükəsizliyini təmin etmək xahişi ilə Azərbaycandakı BMT-nin və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətlərinin ofislərinə müraciət edib.

 

"Bizim Milli Təhlükəsizlik Xidmətinin hansı metodlardan istifadə etdiyini bilirəm. Xahiş edirəm ki, BMT və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti müdaxilə etsin. Azərbaycanda qalacağıma və ya sonradan üçüncü ölkəyə gedəcəyimə dair hələ qərar verməmişəm".

 

Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə, Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib. Sonda Vaan Martirosyan bəyanat yayıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı