Ucar və Qəbələdə TSEK-lərin yeni binaları istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qəbələ və Oğuz rayonlarını əhatə edən 18 nömrəli, Ucar, Ağdaş və Zərdab rayonları üzrə 36 nömrəli Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) müasir standartlara cavab verən yeni inzibati binaları istifadəyə verilib. APA TV-nin yerli bürosunun xəbərinə görə binaların açılışı münasibətilə keçirilən mərasimlərdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov bölgələrdə əhaliyə tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və əlillik müayinələrinin müasir tələblərə uyğunlaşdırılması sahəsində işlərin davam etdirildiyini bildirib.
Tədbirdə nazirliyin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, son dövrlər tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılması istiqamətində görülən işlər bu sahə ilə bağlı şikayətlərin kəskin azalmasına, komissiyalarda əhaliyə layiqli səviyyədə xidmət göstərilməsinə, əlillik müayinələrinin normal şəkildə aparılmasına şərait yaradıb. Prezident İlham Əliyevin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” 14 sentyabr 2015-ci il tarixli Fərmanı bu sahə ilə bağlı mühüm islahatların növbəti mərhələsinin başlanğıcıdır. Fərmanın uğurla icrası həm müasir informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsinə, həm də tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsinə gətirib çıxaracaq.
Sonra tədbir iştirakçıları TSEK əməkdaşlarının fəaliyyəti, yeni iş şəraiti, müayinə avadanlıqları, vətəndaşlara göstərilən tibbi-sosial ekspertiza xidmətləri, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitlə tanış olublar.