BQXK-nın Azərbaycan nümayəndəliyi "APA Holding"də jurnalistlərə treninq keçib

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi bu gün "APA Holding"də jurnalistlərə "Beynəlxalq humanitar hüququn norma və qaydaları" mövzusunda treninq keçib. APA TV-nin məlumatına görə, treninqdə  Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran və qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlahə Hüseynova iştirak ediblər.

 

Jurnalistlərlə görüşdə İlahə Hüseynova treninqin əsas məqsədinin Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti, iş prinsipləri, gördüyü işlər, o cümlədən qurumun Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə danışıb, verilən sualları cavablandırmaqdan ibarət olduğunu deyib.

 

Onun fikrincə, jurnalistlərin Beynəlxalq Humanitar Hüquq normaları və qaydaları ilə bağlı məlumatlarının çox olması həm də onların iş fəaliyyətinə müsbət təsir edəcək.

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı Deniz Duran deyib ki, "APA Holding" mütəmadi olaraq qurumun humanitar fəaliyyəti barədə məlumat verir: “Biz bu dəyəri qiymətləndirdiyimizə görə bu gün burada jurnalistlərlə görüş keçirmək qərarına gəldik. Bu bizim ilk təcrübəmizdir və çalışıb bu tip tədbirləri digər qurumlarla da keçirəcəyik".

 

Görüşdə Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin fəaliyyəti ilə bağlı jurnalistləri maraqlandıran bir sıra suallar cavablandırılıb.  

Müəllif | Apa.Tv
Apa.tv