Cibgir: "Səhər saatları idi, gördüm əl çantası ilə bir qız gedir..."
Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu ərazisində silsilə cibgirliklər törədən şəxsi ifşa edib.
APA TV-nin xəbərinə görə, idarə əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Qara Qarayev prospektində bir qadının əl çantasından mobil telefonu götürən 26 yaşlı Ucar rayon sakini Tariyel Məmmədov saxlanılıb.
Saxlanılan şəxs əməlini etiraf edib. O, bu cinayətə əl atmasını maddi çətinliklərinin olması ilə əsaslandırıb: "Səhər saatları idi. Pulum yox idi. Gəldim bazara. Gördüm əl çantası ilə bir qız gedir. Çantası açıq idi, telefon görünürdü. Ehtiyacım olduğu üçün telefonu götürdüm".
Amma polis Tariyel Məmmədovun bu kimi ifadələrindəki səmimiyyətinə inanmır. İstintaq onun ictimai nəqliyyatda və ticarət obyektlərində oxşar əmmələrinin olduğunu istisna etmir. Şübhəli şəxs ətrafında aparılan əməliyyat tədbirləri zamanı məlum olub ki, o, əvvəllər Cinayət Məcəlləsinin 177.1 və 180.1 maddələri ilə məhkumluq həyatı yaşayıb. Şübhəli şəxsi tanıyanlardan xahiş olunur ki, BŞBPİ-inə və ya ərazi polis idarələrinə müraciət etsinlər.
İki ay öncə azadlığa çıxan Tariyelin bu əməli ilə bağlı başlanılan cinayət işinin istintaqı davam edir.