İrandan Azərbaycana gətirilən 20 kq-dan çox narkotik ələ keçirildi
Respublikanın daxili işlər orqanları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.
APA TV-nin xəbərinə görə, daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Cəlilabad rayon sakini Şahin Cəfərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb. Baxış zamanı bu nəqliyyat vasitəsindən ağır tərkibli narkotik vasitələr olan 19,5 kiloqram tiryək və 830 qram heroin aşkar edilərək götürülüb.
Polis əməkdaşları Şahin Cəfərovu və avtomobildə olan Yardımlı rayon sakinləri Ərəstun İbayevi, Elvin Ağayevi və Baloğlan Əmrahovu şübhəli şəxs qismində tutublar. İlkin araşdırmalarla sürücü və onun sərnişinlərinin qabaqcadan cinayət əlaqəsinə girdikləri və İran İslam Respublikasından ölkəmizə qaçaqmal yolu ilə keçirilən külli miqdarda narkotik vasitəni qazanc məqsədi ilə satmaq istədikləri müəyyən edilib.
Saxlanılan şəxs Baloğlan Əmrahov: "İran vətəndaşı, qohumum Məhərrəm mənə zəng elədi, dedi ki, narkotik var, get onu götür. Üçümüz gedib narkotiki götürdük. Sonra Şahinə zəng etdik. Şahinlə gələndə tutulduq".
Saxlanılan şəxs Şahin Cəfərov: "Baloğlan zəng elədi ki, narkotik var, gəl, onu götürək. Dedi sənə 300 manat pul verəcəm. Gəldik, Biləsuvarda tutdular".
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayətin digər iştirakçılarının da tapılıb tutulması və məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.