Obama və Kastro anlaşdı: ABŞ şirkətləri Kubada
ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastro arasında telefon danışığı baş tutub.
APA TV-nin "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi bəyanatında bildirilir.
İki lider arasında danışıqlar Kubaya qarşı tətbiq olunan ticarət embarqosunun növbəti dəfə zəifləməsi fonunda baş tutub. Obama və Kastro ABŞ şirkətlərinin Kubada filiallarının açılması, kubalıların həmin filiallarda çalışmaları və Amerika kampaniyalarının Kuba banklarında hesab açmaları məsələlərində razılaşıblar.
Bəyanatda qeyd edilib ki, tərəflər ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımları nəzərdən keçirib. Buna baxmayaraq, bir sıra məsələlərdə hələ də qarşılıqlı anlaşılmazlıq qalmaqdadır.
Tərəflər həmçinin Roma Papası Fransiskin Kubaya baş tutacaq səfərini də müzakirə edib. Liderlər qeyd edib ki, Roma Papasının iki dövlət arasında münasibətlərin normallaşmasında xidmətləri danılmazdır.
Qeyd edək ki, Kuba hökuməti Roma Papası Fransiskin ölkəyə səfəri ərəfəsində 3500 məhbusu azad edəcək.