Nazir fermerləri qəbul etdi
Kənd təsərrüfatı naziri İsmət Abbasov Samuxda fermerləri qəbul edib. APA TV xəbər verir ki, qəbuldan əvvəl nazir rayonun Əhmədbəyli kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatına baş çəkib və burada yaradılan şəraitlə tanış olub. Müəssisənin yüksək keyfiyyətlə istehsal etdiyi ağartı məhsulları Gəncə və ətraf rayonlarda satışa çıxarılır. Müəssisədə 30 nəfərə yaxın vətəndaşın daimi işlə təmin edildiyi bildirilib. Daha sonra nazir rayonda virus xəstəliyindən əziyyət çəkən heyvanları olan təsərrüfatlara baş çəkib, qaramalın müalicə prosesi ilə yaxından tanış olub.
Nazir respublikada iri buynuzlu heyvanlarda xəstəliyin iyul ayından yayaıldığını və 238 min heyvanın bu virusa yoluxduğunu qeyd edib.
Rayon mərkəzində keçirilən qəbulda isə Samux, Daşkəsən, Göygöl, Yevlax və Goranboydan 60-a yaxın fermer iştirak edib.
Qeyd edək ki, bütün şikayətlər dinlənilib və əksəriyyəti yerindəcə həll edilib. Nazirliyə aidiyyatı olmayan şikayətlərin isə müvafiq orqanlara yönəldiləcəyini də bildirib.