Bu ilin saç dəbi necə olacaq? - REPORTAJ

Qarşıdan payız mövsümü gəlir. Xanımları ən çox düşündürən sual isə bu mövsümdə hansı saç modeli və rənginin dəbdə olub-olmayacağıdır.

 

APA TV-nin məlumatına görə, yeni mövsümdə saçların yan tərəfdən ayrılacağının dəbdə olacağını deyən stilist-vizajist Famil 2015-ci ilin payız-qış mövsümündə bu cür stilə tez-tez rast gəlinəcəyini söylədi.


Bu saç modelini tətbiq etmək üçün qüsursuz üz xətlərinə malik olmağınıza ehtiyac yoxdur, çünki bu saç modeli hər simaya yaraşır. Yana ayrılmış saç modelinin digər bir üstünlüyü isə üzdə daha balanslı mənzərə yaratmasıdır. Usta payızda xanımların daha çox qısa saç kəsimlərinə üstünlük vermələrini tövsiyə edir: "Payız mövsümündə daha çox qısa saçlar dəbdə olacaq. Uzun saçlar artıq ötən ilin dəbi hesab oluna bilər. Qışa doğru isə qısa saçlara daha çox önəm verilməlidir".

 

Saç boyalarına gəlincə, Famil Usta deyir ki, saç boyası seçərkən çox diqqətli olmaq lazımdır. Keyfiyyətli və sınaqdan çıxmış boyalardan istifadə etmək məsləhət görülür. Keyfiyyətli boyalar ammonyaksız olur. Bu cür boyalar nəinki saçları zədələmir, hətta onları qoruyur və sadə strukturunu bərpa edir. Yalnız keyfiyyətli boyalar vasitəsilə ən çətin rəng çalarlarını və onun kölgələrini olduğu kimi dəqiqliklə almaq mümkündür. Rəng saça sadəcə olaraq yapışmamalıdır. O, saçın təbii rəngini tamamlamalı, ona kölgələr və parıltı verməlidir: "Rənglərə gəlincə, açıq rənglər dəbdə olacaq. Əsasən kölgəli saçlar üstünlük təşkil edəcək. Ambre demək olar ki, bu il də dəbdə olan üstünlüyünü qoruyub saxlayacaq".

 

"Hazırda saç boyamasındakı ən kobud məqam saçlara verilən kölgələrin aydın seçilməsidir" - deyən saç ustası məsləhət görür ki, saçlardakı dəqiq bilinən xətlər artıq dəbdə deyil, onun yerini daha yumşaq kölgələr tutur. Ambre saçlar bir neçə il əvvəl dəbə minib və dəyişikliklərə uğrayaraq hələ də aktuallığını qoruyur. Artıq ambre kütlə içərisində seçilmək vasitəsi deyil, rahat saç düzümü funksiyasını yerinə yetirir. Bu, xüsusilə sarışınlar üçün əlverişli seçim ola bilər. Əgər saçlarınızda həcm çatışmırsa, 3D boyamaya müraciət edə bilərsiniz. Bu, çox yaxın tonlarla boyamanı nəzərdə tutur, nəticədə saçlar yeni görünüş əldə edir: "Saçlara qulluğa gəlincə, saçlara tipinə görə yağ maskaları çəkilməlidir. Bu, saç quruluğunun aradan qaldırılmasına kömək edir. Saçların qurudulmasında fendən istifadəyə son qoyulmalıdır. Əslində imkan olduqca, saçların ev şəraitində təbii qurudulmasına çalışılmalıdır. Maskalardan vaxtında istifadə olunsa, saç parlaqlığını və möhkəmliyini itirməz. Ev  şəraitində saçlara maska hazırlamaq üçün gənəgərçək, sarımsaq və zeytun yağlarını qarışdırıb içərisində bir yumurta sarısını əlavə etmək lazımdır. Bu maska qarışdırıldıqdan sonra saçların dibinə çəkilməli, bir saat saxladıqdan sonra yuyulmalıdır".

 

Stilist, ümumiyyətlə, ev şəraitində saç boyanmasını təhlükəli hesab edir. Famil Usta deyir ki, əgər yenə də ev şəraitində boyamaq istəyirsinizsə, rəng seçimini yaxşı mütəxəssislə məsləhətləşin.


2015-ci ilin saç modellərinə diqqət çəkən usta onu da bildirdi ki, ilin saç modellərinin də necə olacağı bəllidir. Dalğalar, qulluq edilmiş lülə buruqlar, təbii görünüş 2015-ci ilin dəbi olacaq.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı