Pentaqon Rusiyaya qarşı planlarını yeniləyir
ABŞ Müdafiə Nazirliyi Rusiyaya qarşı bu vaxta qədər hazırlanmış planlara yenidən baxmaq qərarına gəlib.
APA TV-nin "Foreign Policy" nəşrinə istinadən xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentindən və Müdafiə Nazirliyindən məlumat daxil olub. Bu qərara əsasən proses iki istiqamətdə aparılır: Vaşinqtonun Rusiyaya qarşı həm NATO çərçivəsində, həm də NATO-dan kənar atacağı addımlar müzakirə edilir.
ABŞ-ın bu qərarı verməsinin səbəbi Kremlin Baltikyanı ölkələrə qarşı potensial hərbi müdaxilə təhlükəsinin qarşısını almaqdır. Amerika hərbçilərinin bu planının yaşana biləcək hər hansı təhlükəyə mane olmaq məqsədi daşıdığı bildirilir. Amma prosesin başqa vacib tərəfləri də var.
SSRİ-nin dağılmasından sonra Rusiya ilə hərbi konfliktlərə hesablanmış bu məxfi sənədləri arxiv rəflərində toz basdığı bildirilir.
"Hazırkı vəziyyəti və Rusiyanın son hərəkətlərini nəzərə alaraq, biz həmin planlarımızı layiqli cavab səviyyəsinə gətirməli və NATO-ya daxil olan istənilən müttəfiqimizə qarşı yönələn aqressiv addımlara qarşı yönəltməliyik", - deyə ABŞ Müdafiə Nazirliyinin yüksək çinli rəsmisi bildirib.
Qeyd edilir ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında yaşanan hərbi konflikt NATO-nun Rusiyaya qarşı planlarının dəyişməsini gündəmə gətirdi, lakin Pentaqon bunu etmədi. Hazırda Rusiyanın ənənəvi qaydalardan uzaq bir çox bölgədə "hibrid müharibələr" aparması bu planların yenilənməsini qaçılmaz edir. ABŞ rəsmisi Ukraynada baş verənləri dediklərinə sübut kimi göstərib.
Xatırladaq ki, bu ilin avqustunda Pentaqon rəhbəri Eşton Karter Rusiyanın Vaşinqton üçün bir nömrəli təhlükə adlandırıb.