Prezidentliyə namizədlərin sayı 10 oldu

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha bir nəfərin prezidentliyə namizədliyi qeydə alınıb. APA TV xəbər verir ki, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi qeydə alınıb. Əli Əliyev və İlqar Məmmədovun prezidentliyə namizədliyi isə qeydə alınmayıb. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin namizədliyinin qeydə alınması üçün MSK-ya təqdim olunan 42,634 imzadan 5,571-i etibarsız hesab olunub və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar aşkar olunmayıb. İlqar Məmmədovun isə 41,247 ədəd imza təqdim edib ki, bunlardan da 4,982 səs etibarsız sayılıb. Bununla da imza vərəqələrini MSK-ya təqdim edən bütün namizədlərin sənədlərinin yoxlanması başa çatıb. Qeydə alınan namizədlərin sayı 10 olub.

 

Daha sonra MSK üzvü Akif Qurbanov İlqar Məmmədovun namizədliyinin qeydə alınmamasının dəyərləndirilməsini istəyib. MSK sədri Məzahir Pənahov isə deyib ki, İlqar Məmmədovun imzalarının sayılması prosesində beynəlxalq təşkilatlarla yanaşı, ABŞ-ın Azərbaycandakı səfirliyindən də nümayəndələr iştirak edib.

Bundan sonra Akif Qurbanov sualının cavablandırılmadığını əsas gətirərək iclası tərk edib.

 

Məzahir Pənahov isə onun bu hərəkətinin publikaya hesablandığını və KİV-in diqqətini cəlb etmək niyyətli olduğunu söyləyib. İclasda prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılıb. MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, hər namizədə İctimai Televiziya və Radio Yayımları Şirkətində ümumilikdə həftədə 6 saat vaxt ayrılacaq. Həmin 6 saatın 3 saatı namizədlər tərəfindən İctimai Televiziyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla istifadə olunacaq. Belə ki, televiziyada pulsuz efir vaxtının qeydə alınmış namizədlər tərəfindən həftənin cüt günləri, radioda isə həftənin tək günləri istifadə edilməsi nəzərdə tutulur.

 

Efir vaxtının bölgüsü məqsədilə sentyabrın 16-da püşkatma keçiriləcək.

Müəllif | Apa.Tv