Bakıda qanunsuz park edən avtomobillərin şəkilləri saytlara yerləşdiriləcək

İctimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək üçün Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən sərnişindaşıma sahəsində ciddi islahatlara start verilib.

 

APA TV-nin xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC-nin baş direktoru Ziya Bünyadzadə qeyd edib ki, artıq qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, qayda pozan avtobus sürücüləri, ictimai nəqliyyatın hərəkətinə mane olan və avtobus dayanacaqlarının qarşısında  avtomobilini park edən sürücülər yalnız cərimə ödəməklə məsuliyyətdən yaxa qurtara bilməyəcəklər.

 

“Təhlükəsiz hərəkət” aksiyası çərçivəsində davam etdirilən tədbirlərlə əlaqədar “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC tərəfindən xüsusi avtomobil və operativ işçi qrup ayrılıb. Bu gündən etibarən paytaxtın bütün avtobus dayanacaqlarına hər gün nəzarət edilərək, dayanacağın qarşısında park edilən avtomobillərin və ya qanunsuz taksi fəaliyyəti göstərən taksilərin fotoşəkilləri çəkilərək Bakı Şəhər Baş dövlət Yol Polisi İdarəsində müvafiq şöbəyə təqdim ediləcək.

 

"Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu kimi halların qarşısının alınmasında ictimai qınağın olmasını və vətəndaşların da bu məsələdə dəstəyini vacib hesab edir. Bununla əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin www.niim.az saytında “İctimai qınaq” adlı bölmə yaradılacaq ki, vətəndaşlar rastlaşdıqları hər hansı qayda pozuntusu haqqında bu bölmədə yaza biləcək və həmin qayda pozuntusuna yol vermiş avtomobilin, avtobusun və ya taksinin (dövlət qeydiyyat nişanının görünməsi şərti ilə) fotoşəklini yerləşdirə biləcəklər".

 

Vətəndaşların ictimai qınağına tuş gələn, qayda pozan bütün sürücülərə qarşı ciddi tədbir görüləcək. Sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə Nəqliyyat Nazirliyi ilə yanaşı, vətəndaşların da dəstəyinin qısa müddətdə müsbət nəticə verəcəyi gözlənilir.

Müəllif | Apa.Tv