Sumqayıtda özünü yandıran taksi sürücüsü xəstəxanada öldü
Ötən gün Sumqayıtda taksi fəaliyyəti ilə məşğul olan məcburi köçkün üzərinə benzin tökərək özünü yandırıb.
APA TV-nin məlumatına görə, "Şəfa" sanatoriyasının yataqxanasında məskunlaşan Zəngilan rayonundan olan məcburi köçkün, özəl taksi fəaliyyəti ilə məşğul olan Məqsəd Süleymanovun özünü yandırmasının səbəbləri hələlik bilinmir.
Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsinin birgə məlumatında isə, bildirilir ki, həmin ərazidə xidmət aparan və hadisəni görən Post Patrul Xidmətinin əməkdaşları dərhal müdaxilə edərək xüsusi cihaz vasitəsilə yanğını söndürüb və təcili yardım çağırıblar.
Məqsəd Süleymanovun yanıq xəsarətləri ciddi olduğundan, Bakıdakı 5 saylı xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o dünyasını dəyişib.
Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.