Xaçmaz sakini: "Evimi atam yandırıb"
Xaçmaz rayonunun Qusarçay kəndində yanğın hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun məlumatına görə, kənd sakini Xalid Yusifova məxsus ümumi sahəsi 110 kv. m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 15 kv. m sahədə yanaraq yararsız hala düşüb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Ev sahibi hadisənin qəsdən törədildiyini iddia edir. Onun sözlərinə görə, bir neçə gün əvvəl atası ilə aralarında mübahisə yaranıb. Bir gün sonra isə ev yandırılıb.
Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları da baxış keçirib. Faktla bağlı araşdırmalar davam etdirilir.