Şəmkirdə müəmmalı yanğınlar: Qaracəmirli kəndində polis postu quruldu
Şəmkirin Qaracəmirli kəndində qısa müddət ərzində bir necə yanğın hadisəsi baş verib.
APA Tv-nin yerli bürosunun xəbərinə görə, ötən gecə kənd sakini Etibar Məmmədova məxsus ot tayası yanaraq yararsız hala düşüb. Hadisə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub.
iki gün öncə isə kənd sakini Namiq Qasımova məxsus təsərrüfatda olan 10 tona yaxın ot bağlamasından 7 tonu yanaraq külə dönüb. Hadisə yerinə gələn iki yanğınsöndürmə briqadası 3 tona yaxın ot bağlamasını və ətraf tikililəri yanğından xilas edə bilib.
Kənd sakinlərinin sözlərinə görə, bu, son bir neçə ay ərzində qeydə alınan sayca 10-cu yanğın hadisəsidir. Yerli sakinlər bu dəfə də yanğının qəsdlə törədildiyini deyirlər.
Hazırda kənd ərazisində polis postu qurulub. Kəndə giriş-çıxış nəzarətdə saxlanılır. Müəmmalı yanğının səbəbləri və kim tərəfindən törədildiyi məlum deyil. Yerli hüquq-mühafizə orqanları və FHN-in əməkdaşları müəmmalı yanğınların baş vermə səbəblərini araşdırır.