Bakının azad edilməsinin 95 illiyinə həsr olunmuş tədbir keçirildi

Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə 1918-ci il sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 95 illiyi münasibətilə tədbir keçirilib. APA TV xəbər verir ki, tədbirdə çıxış edən DAK sədri Sabir Rüstəmxanlı Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını azad etməsi tarixinə nəzər salaraq bildirib ki, illər ötdükcə bu hadisənin Azərbaycanın müstəqillik tarixində nə qədər böyük rol oynadığı aydın dərk olunur. O deyib ki, Bakının azad olunması nəinki Azərbaycanın, bütün Qafqazın siyasi həyatında əhəmiyyətli rol oynayıb: “Türkiyə-Azərbaycan münasibətlərinin tarixində Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi qızıl səhifədir. Bu, bizim xalqlarımızın birliyini bütün dünyaya göstərən bir hadisə idi. Bu gün torpaqlarımızın işğalda olduğu bir vaxtda bu hadisənin xatırlanması bir daha sübut edir ki, biz öz gücümüzü lazımi qədər dəyərləndirə bilməmişik ”.

 

S. Rüstəmxanlı qeyd edib ki, Bakını işğaldan azad edənlərin xatirəsi əbədiləşdirilməlidir: “Təəssüf ki, biz bu günə qədər türk-islam ordusunun Azərbaycan üçün gördüyü işləri əbədiləşdirmək üçün muzeylərin yaradılması, abidələrin qoyulması sahəsində iş görə bilməmişik ”.

 

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə bəzi tarixçilərin Nuru Paşanın Bakını azad etməsi və Azərbaycandakı soyqırımların qarşısını almasına düzgün qiymət vermədiklərini vurğulayıb.

 

Müəllif | Apa.Tv