“Arşın mal alan” filmi Hollivudda nümayiş olundu

1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunub.

 

Konsulluqdan APA-ya verilən məlumata görə, bu, "Arşın mal alan" filminin Hollivudda ilk premyerası kimi tarixə düşüb. Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında təqdim edilib.

 

Filmin nümayişindən əvvəl Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev film barədə məlumat verib. Baş konsul Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə filmin 2013-cü ildə bərpa edildiyini və rənglənmiş versiyasının təqdim edildiyini vurğulayaraq, bunun tarixi hadisə olduğunu, “Arşın mal alan” filminə yeni həyat qazandırdığını bildirib. Baş konsul Los Anceles və Kaliforniyanın 6 digər şəhəri tərəfindən 18 sentyabrın “Üzeyir Hacıbəyli Günü” elan edildiyini deyib.

 

Rəşid Behbudovun qızı Rəşidə Rəşid çıxışında filmlə bağlı atasından eşitdiyi xatirələri tamaşaçılarla bölüşüb. O, "Arşın mal alan" filminin Los Anceles kimi dünya kino sənayesinin mərkəzində nümayiş olunmasının tarixi hadisə olduğunu vurğulayıb.    

 

Daha sonra filmin bərpasını və rənglənməsini həyata keçirən Hollivud şirkətinin rəhbəri İqor Lopatonok, eləcə də vizual effektlər üzrə 2002-ci ildə Oskar mükafatı almış, 21 Ceyms Bond filminin bərpasını həyata keçirmiş Prays Petel (Price Pethel) və "Sony Pictures", "Walt Disney Studios" kimi tanınmış kino-şirkətlərinin filmlərinin tərtibatçısı Ceyn Hiks (Jane Hicks) çıxış ediblər.

 

Sonra film nümayiş etdirilib. Nümayişə Los Ancelesdə yaşayan kinosevərlər, jurnalistlər, müxtəlif ölkələrin Los Ancelesdəki baş konsulları və konsulluq əməkdaşları, ictimai-siyasi qurumların nümayəndələri və digər şəxslər olmaqla 650 nəfərə yaxın tamaşaçı qatılıb.

 

Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, “Arşın mal alan” filminin isə 70 illiyinə həsr olunub. 

Müəllif | Apa.Tv
Apa.tv