Bakıda kafedə qətl törədən şəxslər İrana qaçmaq istərkən tutuldular
Bakıda “Lion” kafesində qətl törədən şəxslər ölkədən qaçmaq istəyərkən həbs ediliblər. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA TV-yə verilən məlumata görə, sentyabrın 20-də Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini İran İslam Respublikası istiqamətində pozmağa cəhd göstərən 3 nəfər saxlanılıb.
Müəyyən olunub ki, Rövşən Natiq oğlu Əliyev sentyabrın 18-də Bakı şəhərində yerləşən “Lion” kafesində baş vermiş qətl hadisəsində şübhəli bilinən və cinayət yerindən qaçan, əvvəllər məhkum olunmuş Niyaməddin Xanhüseyn oğlu Ağayev və Nurəddin Nurməmməd oğlu Hətəmovu dövlət sərhədindən qanunsuz keçirmək məqsədilə idarə etdiyi avtomaşınla Biləsuvar rayonunun sərhədyanı ərazisinə apararaq köməklik edib.
Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində Nurəddin Hətəmov, Niyaməddin Ağayev və Rövşən Əliyev sərhədyanı ərazidə saxlanılıblar.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.