Bakıda bir ailənin üç mənzili eyni vaxtda qarət olundu
Bakıda bir gündə eyni ailənin üç mənzili qarət olunub. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu, Mikayıl Ələkbərov küçəsi, 2A ünvanındakı həyət evlərində baş verib. Övladları ilə eyni həyətdə yaşayan Yusif Novruzov ailəsi ilə nəvəsinin kiçik toy mərasimində olub. Bundan xəbər tutan naməlum şəxs və ya şəxslər gizli yolla onun həyətinə daxil olaraq, ata və iki oğlunun mənzilini qarət ediblər.
"Pəncərədən giriblər. Qapını sındırmaq istəsələr də, bacarmayıblar. Biz gecə saat 23.30-00.00 radələrində evə gəldik. Gəldik, gördük ki, belə bir hadisə baş verib".
Yusif Novruzovun sözlərinə görə, oğrular əsasən qızıl məmulatları aparıblar.
Faktla bağlı cinayət işi başlanılıb. Cinayəti törətmiş şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.