Bakıda müdir işçisini bıçaqladı - İNSİDENT

Bakıda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

 

Daş satışı bazarında fəhləliklə məşğul olan Qazax rayon sakini, Xocasən qəsəbəsində müvəqqəti yaşayan 30 yaşlı Məmmədov Vasif Abdulla oğlu bıçaqlanıb. İlkin məlumata görə, onu Fikrət adlı müdiri bıçaqlayıb. Vasif Məmmədov Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunub, vəziyyəti orta ağırdır.

 

Hadisəyə tərəflər arasında pul mübahisəsi səbəb olub. Zərərçəkənin yaxınları bildirir ki, Vasif Məmmədov 3 il əvvəl müdirindən 500 manat borc alıb. O, aldığı borcu hissə-hissə qaytarsa da, Fikrət adlı şəxs ondan əlavə pul tələb edib, dəfələrlə hədə-qorxu gəlib. Sonuncu mübahisə isə davaya çevrilib və Vasif Məmmədov bıçaqlanıb.

 

Zərərçəkənin qayınatası Əmirxan Mirzəyev bu versiyanı təsdiqləyir: "Neçə dəfə deyib ki, səni öldürəcəyəm. Sonuncu dəfə mübahisələri olub, bıçaqla vurub. Gedib evdən bıçaq gətirib"

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv