Paraqvay parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi
Paraqvay Respublikası Milli Konqresinin Deputatlar Palatası Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə bağlı bəyanat qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Deputatlar Palatasının plenar iclasında qəbul edilmiş bəyanatda Dağlıq Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğu bir daha təsdiq edilir, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyi, Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş hərbi əməliyyatların minlərlə insanın qətli, əsir və itkin düşməsi, məcburi köçkünə çevrilməsi ilə nəticələndiyi bildirilir.
Bəyanatda Paraqvay Deputatlar Palatası Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətini təsdiq edib, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və BMT Baş Məclisinin müvafiq sənədlərinə uyğun həllinə çağırıb.