Bayram Səfərov: “Erməninin Azərbaycana sığınması dünyaya mesajdır”
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın Ermənistandan qaçaraq Azərbaycandan siyasi sığınacaq istəməsinə münasibət bildirib.
APA TV-nin məlumatına görə, Bayram Səfərov bildirib ki, Ermənistan rəhbərliyinin siyasətə aidiyyəti olmayan ermənilərin belə başına açdığı oyunu hamı görür.
Onun sözlərinə görə, Vaan Martirosyanın dünya dövlətləri arasında məhz Azərbaycana sığınması Azərbaycan xalqının mentalitetinin, tərbiyəsinin göstəricisidir: "Erməni pənahının yalnız Azərbaycan xalqında olduğunu görüb. Erməninin Azərbaycana əl uzatması bütün dünyaya, o cümlədən Avropa Parlamentinin sonuncu qərəzli bəyanatına mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqını tanımamış, onun haqqında iftiralar söyləmək olmaz. Erməninin açıqlamaları Ermənistanda cinayətkar rejimin hökm sürdüyünü bir daha təsdiqləyir".
Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. Vaan Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.