“Dailykarabakh” saytının təqdimat mərasimi keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düşüncə” İctimai Birliyi tərəfindən hazırlanmış “www.dailykarabakh.com” saytının təqdimat mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, əvvəlcə sayt haqqında video-rolik nümayiş etdirilib. Sayt Qarabağ həqiqətlərini ən müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırmaq missiyası daşıyır. Azərbaycan, rus, ingilis, alman və fransız dillərində fəaliyyət göstərəcək saytda Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud durumu ilə bağlı materiallar yerləşdiriləcək, konfliktin nizamlanması istiqamətində atılan addımlar geniş şəkildə işıqlandırılacaq.
Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, Qarabağın işğalı faktı bir gün də olsun, diqqətdən kənarda qalmamalıdır: “Ölkə başçısının tapşırığına uyğun olaraq Şuranın fəaliyyətinin əsas xəttini Qarabağ münaqişəsinə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edir. Dağlıq Qarabağ probleminin həllinə vətəndaş cəmiyyətinin töhfəsi böyükdür. Mən çox sevinirəm ki, bu sayt bir neçə dildə fəaliyyət göstərəcək və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayacaq”.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər üzrə şöbəsinin sektor müdiri Elman Paşayev qeyd edib ki, Qarabağ münaqişəsi başlayandan indiyədək Azərbaycan informasiya blokadasından çıxmaq üçün böyük işlər görüb. O, saytın yaranmasını yüksək qiymətləndirib: “6-7 ay bundan əvvəl biz Qarabağ haqqında saytların monitorinqini apardıq və məlum oldu ki, bu saytlar müəyyən dövrdən sonra fəaliyyətini dayandırıb. Buna səbəb isə maliyyə mənbəyinin zəifliyi olub. İndiyədək Qarabağla bağlı informasiyalar yalnız ayrı-ayrı saytların tərkibində yaradılıb. İndi isə Qarabağ haqqında ayrıca bir saytın yaradılması çox sevindirici haldır. Burada yerləşdirilən materialların təsirli olması, xarici ekspertlərin məqalələrinin yer alması vacibdir. İnanıram ki, biz Azərbaycanın haqqı işini dünyaya çatdırmaqda bu saytın işindən də yararlanacağıq”.
Tədbirdə çıxış edən “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov, millət vəkilləri Bəxtiyar Əliyev və İlyas İsmayılov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Siyasi İnnovasiyalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yaradılan sayt və informasiya portallarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Düşüncə” İctimai Birliyinin sədri, saytın rəhbəri Emil Hüseynli çıxışında bildirib ki, saytın yaranmasının əsas məqsədi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır: “Saytın fəaliyyəti zamanı avropalı ekspertlərin məqalələri, açıqlamalarından istifadə olunacaq. Bu işin məsuliyyətini dərk edirik və inanıram ki, sayt vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdıracağıq”.
Qeyd edək ki, əsasən xarici dilli internet məkanı üçün nəzərdə tutulmuş bu saytda Azərbaycanın və dünyanın tanınmış ekspertlərinin, analitik və politoloqların fikirlərinə, məqalələrinə yer veriləcək.