Kəbənin azyaşlı azərbaycanlı zəvvarları - REPORTAJ

Bu il müsəlman ölkələrindən milyonlarla zəvvar Həcc ziyarətinə gəlib. Zəvvarlar arasında cəmi 3-4 nəfər azyaşlı var. Onlardan ikisi isə azərbaycanlı qardaşlar Ramil və Ramaldır.

 

Ramal İsmayılov 10 yaşındadır. Xırdalan şəhər 7 saylı orta məktəbin dördüncü sinfində oxuyur. Artıq 10 günə yaxındır ki, atası və qardaşı ilə birlikdə Həcc ziyarəti üçün Məkkə şəhərindədir. Deyir, atası Həcc ziyarətində olandan sonra onlarda da müqəddəs torpaqları görmək arzusu yaranıb: "Oktyabrın 24-ü idi. Atamgil Həccə gedirdi. Bu il mən də getmək istədim. Atam da zəng elədi ki, bu il sən də gedəcəksən. Çox sevindim. Əşyalarımı topladım".

 

Mədinə və Məkkə Ramalın yaddaşında gözəl, həm də qarışıq şəhər kimi qalıb. Deyir, ilk dəfə bu qədər ağ geyimli insanları bir yerdə görəndə təəccüblənib: "Mədinə şəhəri çox gözəl, böyük şəhər idi. Peyğəmbərin qəbrini ziyarət etdik, dualar etdik, namaz qıldıq. Burada hava istidir. Qəşəng yerdir. Allahın evidir. Yeddi dəfə təvaf etdik. 7 dəfə də səy etdik. Hazırlaşırıq gedək Ərəfata".

 

Ramal dərslərini yaxşı oxuyur. Deyir ki, böyüyəndə hakim olmaq istəyir. İki ildir namaz qıldığını deyən Ramal indi səbirsizliklə Vətənə qayıdacağı günü gözləyir. Çünki müəllimlərinə və sinif yoldaşlarına danışacağı çox şeylər var.

 

Qardaşından 3 yaş kiçik olmasına baxmayaraq, Rəvan da ziyarət zamanı yorulmur. Keçən il Məşhəd ziyarətində olduğunu deyən Rəvan üçün bu ziyarətdə ən yadda qalan məqam Kəbəni təvaf etməsi olub. Milyonlarla insanın birlikdə tələsmədən və səbirlə hərəkəti qardaşların diqqətini özünə cəlb edə bilib. Onlar indiyədək Kəbəyə gələn çox az sayda azyaşlıdan biridir. Azərbaycandan gələn ən azyaşlı zəvvarlar da İsmayılov qardaşlarıdır. Bunu qrup rəhbəri Əfqan Abbasov da təsdiq edir: "44 nəfər gəlmişik. 42 böyük, adam iki balaca uşaqlarımız. Əvvəl Mədinə şəhərinə gəldik, ziyarət etdik. Sonra Məkkədə Ümrə ziyarətini etdik. 25 ildir ki, qrup rəhbəri kimi gəlirəm. İlk dəfədir balaca uşaqlar var. Keçən il atası-anası gəlmişdi. Həqiqətən də nümunədirlər. Çox sevindim. Elə gözəl ziyarət etdilər, dövlətimizə, millətimizə dua etdilər. Mən həmişə demişəm, Həccə gərək balaca vaxtı gələsən ki, nəsə örnəkdir. 70 yaşında artıq gec olur".

 

Uşaqların atası Ramin İsmayılov deyir ki, bir neçə dəfə ziyarətdə olub və hər dəfə uşaqlar ona səfəri ilə bağlı suallar verib. Oğlanlarında bu marağı görən ata növbəti il onları Məkkəyə gətirəcəyinə söz verib. Uşaqların dərslərinə xüsusi fikir verdiyini deyən Ramin İsmayılov həm də onların vaxtlı-vaxtında ibadət etməsinə nəzarət etdiyini bildirir: "Mən söz verdim ki, onları Kəbəyə gətirəcəyəm. Bura gəlib ziyarət etdilər. Ən azından uşaq vaxtlarından yaddaşlarında qalacaq. Kinoya gedirik. Müasirdir bizim ailə. Xarici ölkələrə də səfərə gedirik. Mənə elə gəlir ki, bu əməllər uşaqlara, onlarla dostluq edən uşaqlara da təsir edəcək".

 

Ramin İsmayılov əlavə edib ki, gündüz vaxtı 50 dərəcəyə yaxın istilik olmasına baxmayaraq, uşaqlar özlərini yaxşı hiss edib və ziyarəti asanlıqla başa vurublar: "Rəvan Kəbəni özü təvaf etdi. Bir-iki dəfə istədik çiynimizə alaq. Dedi, özüm gedirəm. Əmiləri də sağ olsun, dedilər alaq qucağımıza, icazə vermədi. Heç bir çətinliyimiz olmadı. Yəqin ki, Allah özü səbir verəcək".

 

Balacalar bütün zəvvarlar kimi yemək növbəsinə dayanır, onlarla birlikdə ibadət edirlər. Ağ geyimli balaca zəvvarlar Məkkədə digər müsəlmanların da diqqətindən yayınmır. Hamı onlara nəzakət göstərir, xoş söz deyir və şəkil çəkdirirlər.

Müəllif | Apa.Tv