Sabahdan Bakıda kənd təsərrüfatı yarmarkaları bərpa edilir
"Sentyabrın 24-dən etibarən kənd təsərrüfatı yarmarkalarının yenidən paytaxtda təşkilinə başlanacaq". Bunu APA TV-yə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev bildirib.
Onun sözlərinə görə, yarmarkalar əvvəlki illərdə olduğu kimi, ənənəvi şəkildə davam etdiriləcək. Lakin bu ildən etibarən kənd təsərrüfatı yarmarkalarının ünvanında bir sıra dəyişiklik edilib: "Əsas məsələlərdən biri daha münbit şəraitdə yarmarkaların təşkil edilməsidir. Biz Bakı şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparmışıq və yeni ünvanlar təyin edilib. Yarmarkalar Xətai rayonunda "Bakı" kinoteatrının yanında, Nərimanov rayonunda Keşlə bazarının yaxınlığında, Suraxanı rayonunda Əmircan qəsəbəsində, Səbayel rayonunda isə Badamdar qəsəbəsində təşkil olunub. Hələ ki, yarmarkalar 5 ünvanda fəaliyyət göstərəcək".
Murtuzəli Hacıyev deyir ki, kənd təsərrüfatı yarmarkaları tam müasir standartlara cavab verəcək şəkildə olacaq. Hər həftənin şənbə və bazar günləri alıcılar yarmarkaların fəaliyyətindən istifadə edə biləcəklər: "Artıq nazirlikdə mütəxəssislərdən ibarət işçi qrupları yaradılaraq yarmarkalara təhkim olunub. Qiymətlərə tam şəkildə nəzarət olunacaq. İstehsalçı heç bir maneəyə rast gəlmədən məhsulunu satmaq imkanı əldə edəcək. Ən əsas faktor isə odur ki, yarmarkalar bazarlara təsir edəcək və qiymətlərin aşağı enməsinə şərait yaradacaq".
Murtuzəli Hacıyev onu da bildirib ki, fermerlərin kənd təsərrüfatı məhsullarını rahat şəkildə paytaxta gətirmələri üçün nazirlik tərəfindən Nəqliyyat və Daxili İşlər nazirlikləri, Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər olunub. Kənd təsərrüfatı məhsullarını daşıyan rayon qeydiyyatında olan avtomobillərin şənbə və bazar günləri paytaxta rahat daxil olması təmin olunacaq.