Rektorun qızını döyən qardaşlar azadlıqda! Prokuror protest verdi!

Xəzər Universitetinin təsisçisi və sabiq rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən Elin və Zaur Məmmədov qardaşlarına hökm oxunub.

 

APA TV-nin məlumatına görə, Məmmədov qardaşlarının cinayət işinə Səbail Rayon Məhkəməsində, hakim Elşad Şamayevin sədrliyi ilə baxılıb.

 

Məhkəmənin hökmü ilə Zaur Məmmədov 11 ay 9 gün, Elin Məmmədov 7 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum ediliblər. Məhkəmə Məmmədov qardaşlarının hər birinin aylıq qazancının 20 faizinin tutulması şərti ilə onları məhkəmə zalından azadlığa buraxıb.

 

Hökmdən Baş Prokurorluq narazı qalıb və Məmmədov qardaşlarının cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verilib. Həmçinin Məmmədov qardaşlarının müdafiəçiləri də apelyasiya şikayəti veriblər. Onların şikayətləri baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Əmir Bayramovun icraatına verilib. Hazırda cinayət işinin təhqiqatı protest mərhələsindədir. 

 

Qeyd edək ki, Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Zaur Muxtar oğlu Məmmədov barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib. Həmin qərardan Baş Prokurorluq apelyasiya şikayəti verib. Prokurorluğun təqdimatı ilə Zaur Məmmədovun barəsində həbs-qətimkan tədbiri, Elin Məmmədov barəsində başqa yerə getməmək barədə qəti-imkan tədbiri seçilib.

 

Müəllif | Apa.Tv