Ağdaşın iki kəndinə təbii qaz verilib
Ağdaşın iki kəndinə təbii qaz verilib. APA TV-nin məlumatına görə, Əmir Mahmud və Qarağansaat kəndləri uzun fasilədən sonra təbii qazla təmin olunub. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkənin bütün bölgələrinin, o cümlədən Ağdaşın sürətlə inkişaf etdiyini, əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görüldüyünü vurğulayıblar.
Qeyd edilib ki, son illər rayonda qaz təsərrüfatının inkişaf etdirilməsi, əhaliyə keyfiyyətli xidmət göstərilməsi istiqamətində xeyli irəliləyişlər baş verib. Bu gün isə 21 illik fasilədən sonra Əmir Mahmud və Qarağansaat kəndlərinə qaz verilməsi bərpa olunub, ümumilikdə 110 mənzildə fərdi tənzimləyici və sayğac quraşdırılıb. Bu kəndlərin qazlaşdırılması üçün 3 min metr uzunluğunda daşıyıcı və 6800 metr uzunluğunda paylayıcı qaz xətti çəkilib.
Hazırda Əmirarx və Güvəkənd kəndlərinin qazlaşdırılması üçün görülən işlər uğurla davam etdirilir. Mənzillərə sayğaclar quraşdırılır və yaxın vaxtlarda bu kəndlərdə 450 abonentə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulur. Hazırda Ağdaş şəhərinin 20 Yanvar, Ağamalı küçələrində, Ləki və Məşəd qəsəbələrində, Nehrəxəlil və Qaradağlı kəndlərində qaz xətlərində təmir-bərpa işləri görülür. Bundan əlavə rayonun daha 8 kəndinə qaz xəttinin çəkilişi üçün layihə-smeta sənətləri hazırlanıb. Yaxın günlərə həmin kəndlərə qaz xətlərinin çəkilişinə başlanılacaq. Bu günədək Ağdaş şəhərində, Ləki qəsəbəsində və 37 kənddə 13 min 200 mənzil qazlaşdırılıb, rayon əhalisinin 70 faizi təbii qazla təmin olunub. 2014-cü ilədək rayonun bütün kəndlərinin qazlaşdırılacaq.