Dövlət Gömrük Komitəsinin sədri Qaxda qəbul keçirdi
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qaxda vətəndaşlarla görüşüb.
APA TV-nin məlumatına görə, Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala və Qax rayonlarının sakinlərini qəbul edən Aydın Əliyev onların müraciətlərini dinləyib.
Komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdiyi görüşdə vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.
Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.