Bakıda daha bir yol sürücülərin ixtiyarına verildi
Bakıda daha bir yol yüksək keyfiyyətlə təmir olunaraq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
APA TV-nin xəbərinə görə, söhbət Binəqədi rayonu Atatürk prospektinin Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək hər iki istiqamət üzrə olan hissələrindən, Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissələrindən gedir.
Burda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri qısa müddət ərzində, yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılıb. Bir neçə küçənin kəsişmələri olan yolun hərəkət hissəsi və səkilər uzun müddət idi ki, təmir olunmadığı üçün sıradan çıxmış vəziyyətdə idi. Bu isə öz növbəsində həm piyadaların, həm də nəqliyyat vasitələrinin normal və rahat şəkildə hərəkətinə mane olurdu. Məhz bütün bunlar nəzərə alınaraq “Azəryolservis” tərəfindən sözügedən ərazinin təmirinə başlanıb.
Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Yolun hərəkət hissəsi bəzi ərazilərdə genişləndirilib, ehtiyacı olan yerlərdə yol yatağı bərkidilib və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə burda 12 500 kvadrat metr ərazidə asfaltlanma işləri aparılıb.
Təmir işləri çərçivəsində 1500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib, yol kənarları və piyada səkiləri asfalt-beton örtüyü döşənərək abadlaşdırılıb, zəruri olan yerlərsə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.