Gəncə-Daşkəsən yolunda inkassator maşını qəzaya uğradı: 3 yaralı
Gəncə-Daşkəsən yolunda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.
Azərbaycanda fəaliyyət göstərən banklardan birinə məxsus inkassator avtomobili ilə “Ford Tranzit” markalı avtomobil toqquşub. Qəza nəticəsində inkassator maşınında olan 3 bank işçisi - 1988-ci il təvəllüdlü Samir Abdullayev, 1978-ci il təvəllüdlü İlyas Verdiyev və 1989-cu il təvəllüdlü Rufan Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə Mərkəzi Klinik Xəstəxanasına aparılıblar.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.