Həcc mərasimi başladı - MƏKKƏDƏN REPORTAJ
Bu gün Məkkədə Həcc mərasiminə rəsmən start verilib. Qurban bayramı öncəsi zəvvarlar Ərəfat dağına çıxıblar.
Dünən axşamdan başlayaraq zəvvarlar Məkkədən Ərəfat dağına doğru gəliblər. Bu gün isə Rəhmət dağına yol alıblar. Hava istidir. Ancaq buna baxmayaraq, zəvvarlar yolu qət etməkdə iddialıdırlar.
Sübh namazından sonra yola düzələn zəvvarlar Rəhmət dağına yetişmək istəyirlər. Onlar burada Allaha dua edib, günahlarının bağışlanmasını diləyəcəklər. Zəvvarlar günortadan axşam azanına qədər Ərəfatda dayanacaq.
İstidən qorunmaq üçün zəvvarlar yol boyu kiçik çadırlar düzəldərək istirahət edir. Yorğunluqlarını çıxardıqdan sonra yenidən yollarına davam edirlər. Zəvvarlara istiliyi hiss etdirməmək üçün yol boyu su püskürən sərinkeşlər quraşdırılıb. Həmçinin polislər yol boyu zəvvarların üzərinə kiçik qablardan su çiləyir.
Ölkələri, dilləri, irqləri, sosial və iqtisadi durumları fərqli olmasına baxmayaraq, bütün müsəlmanlar eyni bir məqsəd uğrunda yorulmadan irəliləyirlər.
Ərəfat dağı Məkkənin 21 kilometr cənub-şərqində olan Harəm sərhədləri xaricində qalan ovalıq bir yerdir. 454 metr hündürlüyündə olan dağ Adəm və Həvvanın cənnətdən qovulduqdan sonra görüşdükləri yer olaraq tanınır.