Səlim Müslümov Göygöldə vətəndaşları qəbul etdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Göygöl rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında qərb bölgəsindən olan vətəndaşları qəbul edib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, qəbulda Göygöllə yanaşı, Gəncə şəhərinin, Samux, Daşkəsən, Tərtər və Kəlbəcər rayonlarından 50-yə yaxın vətəndaş iştirak edib.
Müraciətlər əsasən ünvanlı dövlət sosial yardımlarının təyinatı və əlillik dərəcələrinin verilməsi, mənzil, maşın və reabilitasiya vasitələri ilə təmin olunma, bərpa-müalicə xidməti, əmək hüquqlarının təminatı, zərərə görə ödəncin verilməsi, məşğulluğun təminatı və sair məsələlərlə bağlı olub. Müraciətlərdə qaldırılan bəzi məsələlər yerindəcə həllini tapıb, digərləri isə nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə araşdırılması üçün qeydiyyata alınıb. Nazir Səlim Müslümov müraciətlərdə qaldırılan bütün məsələlərin obyektiv və ədalətli şəkildə araşdırılaraq konkret tədbirlər görülməsi və nəticəsi barədə nazirliyin rəhbərliyinə və vətəndaşlara məlumat verilməsi barədə aidiyyatı strukturların rəhbərlərinə göstəriş verib.
Ayrı-ayrı vətəndaşların müraciətlərində müharibə əlilləri və şəhid ailələri üçün respublikanın bölgələrində yeni fərdi evlərin inşasına, həmçinin əlilliyi olan şəxslərin bərpa-müalicəsi sahəsində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıq ifadə edilib.
Qəbul zamanı nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.