Moskvada Mərkəzi məscidin təntənəli açılışı keçirildi
Rusiya paytaxtında inşa edilən 10 min nəfərlik Mərkəzi məscidin təntənəli açılışı olub.
APA TV-nin məlumatına görə, mərasimdə Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin prezidenti Mahmud Abbas, habelə bir sıra müsəlman ölkələrinin nümayəndələri, səfirlər və Rusiyada fəaliyyət göstərən digər dini konfesiyaların rəhbər şəxsləri iştirak ediblər.
Açılış mərasimi "Fatihə" surəsinin oxunması ilə başlayıb.
Sonra Fələstin dövlətinin başçısı Mahmud Abbas və Türkiyə prezidenti Rəcəb Tayyib Ədoğan çıxış ediblər.
Rəcəb Tayyib Ərdoğan Moskvada Mərkəzi məscidin açılışında iştirak etməkdən qürur duyduğunu söyləyib: "Əminəm ki, Moskvada məscidin insanlığa ehtiyacımız olduğu bir gündə açılması dünyada sülhün bərqərar olmasına kömək edəcək. Bu, bizi, həmçinin İslam dünyasını Rusiya ilə əlaqələri daha da inkişaf etdirməyə sövq edir. Rusiya fərqli inanclara sahib insanların bir yerdə yaşamasına ən böyük nümunədir”.
Ərdoğan bildirib ki, Türkiyə tarixi boyu hər zaman müxtəlif inanclara sahib insanların vətəni olub. Onun sözlərinə görə, İstanbul başqa olmaqla, bir çox şəhərlərdə kilsə, məscid və sinaqoqları birlikdə görmək mümkündür: “Xalqların sülh şəraitində yaşaması Rusiya və Türkiyənin müştərək təcrübəsidir. Bu gün biz həmin təcrübəni burada nümayiş etdiririk. Bu gün ölkəmizdə on minlərlə rus yaşayır. Həmin ruslar özlərini türklərdən ayrı hiss etmirlər. Biz onları qəbul etməkdən çox məmnunuq”.
Vladimir Putin isə çıxışında məscid açılışını Rusiya müsəlmanları üçün böyük tarixi hadisə adlandırıb: "İslam Rusiyanın ənənəvi dinlərindən biridir. Məscidin rekonstruksiyasına görə qardaş ölkələr olan Türkiyə və Qazaxıstana təşəkkürümü bildirirəm. Quranda deyildiyi kimi, yaxşı işlər görməyə səy göstərin. Müsəlman izi hər zaman tariximizdə olub. Bunu paytaxt Moskvanın küçələrinə baxdıqda da görmək olar. Son 20 ildə Rusiyada islamla bağlı ibadət yerlərinin sayı dəfələrlə artıb. Minlərlə insan Rusiyadan hər il Həccə gedir. Bu gün Yaxın Şərqdə siyasi məqsədlərlə insanların dini hisslərindən istifadə olunur. İslam adı altında hansı vəhşiliklərin törədildiyini, insanların və tarixi abidələrin məhv edildiyini görürük".
Qeyd edək ki, 19 min kvadratmetr sahəyə malik 3 mərtəbədən və iki minarədən ibarət olan məscid Avropanın ən böyük məscidlərindən biridir. Məscidin hündürlüyü 46 metrdir. Məscidin tikintisinə 170 milyon dollar xərclənib.