Salyan sakini qayınatasını bıçaqladı, qayınanasına xəsarət yetirdi
Salyanda kürəkən qayınatasını bıçaqlayıb, qayınanasına isə bellə xəsarət yetirərək onları xəstəxanalıq edib. APA TV-nin xəbərinə görə, hadisə rayonun Şəkərli kəndində baş verib.
Kənd sakini Vaqif Cəfərov qeyri-rəsmi nikahda yaşadığı arvadını döyərək ona ağır bədən xəsarətləri yetirib. Qadının ailəsi faktla bağlı polisə şikayət edib. Bundan sonra Vaqif Cəfərov hər gün qayınatasıgilə gələrək, ərizəni geri götürməyi tələb edib. Söhbət əsnasında yaranan mübahisə zamanı Vaqif Cəfərov 63 yaşlı qayınatası Tahir Adıgözəlova üzərində gəzdirdiyi bıçaqla zərbə endirib, 58 yaşlı qayınanası Cəmilə Adıgözəlovaya isə bellə xəsarət yetirib.
Zərərçəkən Cəmilə Adıgözəlova: "Beli üstümə atdı, əlimi qabağına verdim. Yoldaşımı da həyətdə qovurdu bıçaqla. Al qanın içində idi. Əvvəl onu vurdu, o qaçdı bağa. Getdim onun dalınca, mənim üstümə düşdü. Birinci dəfə deyil. Dörd aydır mənim qızımı götürüb qaçıb bu adam. Davaları olub. Qızımı polislər gətirdi ki, ölür bu adam. Boğazında ip izləri. İki-üç gün sonra dalınca gəldi. Qız deyir getmirəm. İki gündən bir gəlir. Bizi döyür gedir".
Yaralılar dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən onlara ilk tibbi yardım göstərilib.
Həkim İlqar Ağabəyov: "Hər iki xəstənin bədəninin müxtəlif hissələrində kəsilmiş yaralar var. Xəstələrə yardım göstərilib, vəziyyətləri kafidir".
Faktla bağlı Salyan Rayon Polis şöbəsində araşdırma aparılır.