Astarada polis reydi: 30 sürücü cəzalandırıldı
Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları şəhərin Heydər Əliyev prospekti ərazisində reyd keçirib.
APA TV-nin cənub bürosunun məlumatına görə, reyd əsasən qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, xətdən kənar, lisenziya və müvafiq sənədləri olmadan nəqliyyat vasitələrini idarə edən sürücülərin aşkarlanması məqsədi daşıyıb.
DYPB-nin müfəttişi İlqar Rəhimzadənin sözlərinə görə, günorta saatlarına kimi davam edən reyd zamanı 50-yə yaxın avtomobil saxlanılıb: "Onlardan 30-u barəsində inzibati qaydada cərimə protokolu tərtib olunub. Müxtəlif qayda pozuntularının aşkarlanması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində keçirilən reydlər bundan sonra da davam etdiriləcək".
Təhlükəsizlik kəmərinin vurulmaması, sürücülük vəsiqəsinin olmaması, maşının ön oturacağında azyaşlı sərnişinin əyləşdirilməsi, avtomobilin texniki baxışdan keçməməsi ilə bağlı aşkar olunmuş nöqsanlar da cəzasız qalmayıb.
Reyd zamanı yol polisinin “Dayan!” işarəsinə məhəl qoymayan sürücülərə rast gəlinsə də, belələri uzağa gedə bilməyiblər.