16 yaşlı qız: “Atamın birinci arvadı anamın üstünə benzin tökərək yandırıb”

Oğuz rayon sakini 16 yaşlı Aytac Hüseynova anası Aynur Hüseynovanın bu il avqustun 19-da müəmmalı ölümü ilə bağlı mətbuat konfransı keçirib.

 

APA TV-nin məlumatına görə, Aytac Hüseynova bildirib ki, anası qətlə yetirilib: “Atamın birinci həyat yoldaşı Rübabə Hüseynova anamın üstünə benzin tökərək yandırıb”.

 

Aynur Hüseynovanın bacısı Xatirə Mürsəlova da rayonun Sincan kəndində yaşayan bacısının qətlə yetirildiyini iddia edib. Onun sözlərinə görə, Aynur Hüseynova ölüm ayağında hadisənin necə baş verdiyini ona danışıb: "Bacım 9 gün xəstəxanada qalandan sonra dünyasını dəyişdi. O dedi ki, Rübabə bacımın üzərinə benzin tökərək yandırıb. Həmin vaxt Rübabənin oğlu da orada olub. Rübabə daha əvvəl bacımı dəfələrlə hədələyib. Bizə bildirdilər ki, guya bacım kömür quyusuna düşüb”. 

 

Xatirə Mürsəlova hadisə ilə bağlı indiyədək heç kimin məsuliyyətə cəlb olunmadığını deyib.

 
Rübabə Hüseynovanın oğlu Məhəmməd Hüseynov isə jurnalistlərə açıqlamasında bildirib ki, Aynur Hüseynova özü-özünü yandırıb: "Atamla söhbət edirdim, analığım bizim danışığımızı səhv anladı, atama etirazını bildirdi və aralarında mübahisə yarandı. Atam ona söhbəti səhv anladığını deyərək, sakitləşdirməyə çalışdı. Daha sonra analığım tövləyə girdi. Biz qışqırtı səsinə gələndə gördük ki, o, özünü yandırıb. Atamla mən ona kömək etdik və Oğuz Mərkəzi Rayon Xəstəxanasına apardıq. Sonra oradan Bakıya  göndərildi, Bakıda xəstəxanada dünyasını dəyişdi".

 

Müəllif | Apa.Tv