FHN Akademiyası kursantlarının andiçmə mərasimi keçirildi
Dövlət Bayrağı Meydanında Fövqəladə Hallar Nazirliyi (FHN) Akademiyasının ilkin hərbi hazırlığı başa vurmuş birinci kurs kursantlarının andiçmə mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, mərasimdən əvvəl Akademiyanın rəhbərliyi, müəllim və kursant heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.
FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov mərasimi açıq elan etdikdən sonra dövlət himni səslənib, dövlət bayrağı meydana gətirilib. Sonra kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içiblər.
Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev kursantları təbrik edib və onlara təhsillərində uğurlar arzulayıblar. Qeyd olunub ki, hərbi and içərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə hər an hazır olmalı, əcdadlarımızdan bizə əmanət qalmış Vətənimizi və bayrağımızı göz bəbəkləri kimi qorumalıdırlar.
Kursantları andiçmə mərasimi münasibətilə təbrik edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov and içmiş kursantların Vətənə və xalqa sədaqətlə xidmət edəcəyinə əmin olduğunu bildirib.
Valideynlər adından çıxış edən Elşən Hüseynbəyli kursantları təbrik edib.
Mərasim kursantların təntənəli marş keçidi ilə yekunlaşıb.