"Aeroflot"un törəmə şirkətinə Azərbaycana uçmaq qadağan olundu - SƏBƏB
Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi "Aeroflot" aviaşirkətinin törəməsi olan "Pobeda" şirkətinə 15 ölkəyə uçuş həyata keçirməyi qadağan edib.
APA TV-nin məlumatına görə, bu ölkələr arasında Azərbaycan, Niderland Krallığı, Fransa, İtaliya, İspaniya və Macarıstan da var.
Aşağı büdcəli şirkət bu 15 istiqamət üzrə uçuşları cari ilin sentyabrın 17-dən gələn ilin may ayının 14-dək yerinə yetirməyi planlaşdırırdı.
Artıq məsələyə Rusiyanın Nəqliyyat Nazirliyi də münasibət bildirib. Qurumdan bildirilib ki, "Pobeda" xaricə uçuş yerinə yetirmək üçün icazəni 2 aydan sonra ala biləcək: "Hazırda loukosterlərə xaricə uçuş yerinə yetirməyə icazə verən sənəd Ədliyyə Nazirliyinə göndərilib. Sənədə 1-2 ay ərzində baxılacaq, ardınca dövlət qeydiyyatına alınacaq. Bundan 10 gün sonra sənəd qüvvəyə minir və aşağı büdcəli aviaşirkətlər yaradılan imkandan istifadə edə bilər".