İnternat məktəbində Qurban bayramı - REPORTAJ

Dünyada ən gözəl təbəssüm uşaq təbəssümüdür, deyirlər. Saray qəsəbəsindəki 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində yaşayan uşaqlar da üzlərində təbəssüm, gözlərində sevinc işartıları bu gün Qurban bayramını qeyd edirlər.

 

Sağlamlıq imkanları məhdud olduğundan, bu bayramı hər kəs kimi evlərində ailə üzvləri ilə birlikdə deyil, illərlə yaşadıqları, artıq evlərinə çevrilən bu müəssisədə qeyd edir, onları yad edən insanlarla şənlənib, əylənirlər.

 

Uşaqlarla bərabər bayramı qeyd edən valideynlər də sevinclərini öz övladları ilə bölüşürdülər. İllərdir hər gün bura gəlib oğluna baş çəkən Zoya Sərkərova deyir ki, əqli və fiziki sağlamlığı məhdud olan övladının sevincini görmək bir ana kimi onun ən böyük arzusudur: "Bütün millətimizin Qurban bayramını təbrik edirəm. Dövlətimiz sağ olsun ki, belə bir müəssisə yaradıb və uşaqlar burada rahat şəraitlə təmin olunublar. Arzum budur ki, bu mərhəməti bizim xalqın, dövlətin əlindən almasın".

 

Bu gün müəssisədə həm də bayram bayrama qarışıb. Buranın dörd əzəli sakininin doğum günləridir. Uşaqlar  da sevinc içərisində həm bayramı, həm öz ad günlərini qeyd edirlər.

 

Ad gününü qeyd edənlərdən biri də artıq 5 ildir bu müəssisədə yaşayan balaca Fatimədir. Fiziki və əqli qüsurlu doğulan Fatimənin bu gün 8 yaşı tamam olur.

 

Uşaqları təbrikə gələnlər içərisində müğənni Çingiz Mustafayev də vardı. Gənc müğənninin sözlərinə görə, hər il bayram günlərində bura gəlib uşaqları yad etməyi özünün vətəndaşlıq borcu hesab edir. Hətta müəssisədə yaşayan uşaqlar içərisində onun pərəstişkarı olanlar da var: "Çox qeyri-adi bir hisdir, bura gələndə adam həm sevinir, həm də kədərlənir. Amma uşaqları xoşbəxt görəndə insanı bu məqam sakitləşdirir, içində bir rahatlıq hissi yaradır. Burda balaca bir qız var. Mənə dedilər ki, o, məni çox istəyir. Mən də bu gün onun ad gününü elə onunla birgə qeyd etməyə gəldim və ona söz verdim ki, hər ilin bu günü mütləq onun ad günündə bura onun yanına gələcəyəm".

 

Uşaqların bayram şənliyinə həmkarlarımızdan da qatılanlar vardı. Hər il bayramı burada uşaqlarla bərabər qeyd edən Afaq Quliyeva deyir ki, bu il uşaqların görüşünə bir qədər fərqli gəlib. O, öz doğum gününü onlarla birgə qeyd edəcək: "Neçə illərdir bütün bayramları bu uşaqlarla birgə qeyd etmişəm. Bu il təsadüfdən Qurban bayramı və mənim ad günüm eyni günə düşdü. Mən də bu günü yenə də uşaqlarla bərabər olub, onların sevincindən özüm üçün pay götürüb evə gedəcəyəm".

 

Qeyd edək ki, 2 saylı müəssisədə 155 əqli və fiziki qüsurlu uşaq yaşayır. Burada onların ehtiyacları olan yalnız insani sevgidir. Gəlin, onları bu sevgidən məhrum etməyək. Uşaqları ilin bir günü deyil, hər gün sevindirək ki, onların sevincindən bizə də pay düşsün.

 

Müəllif | Apa.Tv