Kreml-Ağ Ev qarşıdurması: Obama Putinlə görüşə razılaşdı
ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə görüşmək qərarına gəlib. APA TV-nin məlumatına görə, bu barədə "Nyu-York Tayms" qəzeti məlumat yayıb. İki ölkə liderinin görüşü gələn həftə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası zamanı baş tutacaq. Əgər görüş baş tutsa, bu son 1 il ərzində iki ölkə arasında ilk yüksək səviyyəli görüş olacaq. Ukrayna münaqişəsinə görə Putinlə görüşmək istəməyən Obama indi bu görüşü faydalı sayır.
ABŞ hökuməti hesab edir ki, bu görüş Ukrayna münaqişəsi ilə bağlı Minskdə əldə edilmiş atəşkəs sazişinə əməl edilməsi və Suriya münaqişəsinin diplomatik həlli yollarının tapılmasında faydalı ola bilər. Rəsmi Ağ Ev hələlik məlumata rəsmi münasibət bildirməyib.
Bundan qabaq Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, prezidentlərin BMT Baş Məclisinin sentyabrın 28-də başlayacaq 70-ci yubiley sessiyası çərçivəsində görüşü istisna deyil.