Obama Putinə İŞİD-ə qarşı koalisiya təklif edəcək
ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı rusiyalı həmkarını İŞİD-ə qarşı mübarizədə koalisiyaya qoşulmağı təklif edəcək.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ağ Ev nümayəndəsi Coş Ernest bildirib.
“Prezident Obama həmkarı Putini Rusiyanın da İŞİD-ə qarşı 60-dan çox ölkənin qatıldığı mübarizəyə konstruktiv tövhə verməyə çağıracaq. Putin-Obama görüşü Suriya ilə bağlı Rusiya və ABŞ arasında əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacaq”, deyə o qeyd edib.
ABŞ müdafiə naziri Eşton Karter də ABŞ-ın İŞİD-lə mübarizədə və Suriyada siyasi dəyişikliklərlə bağlı məsələlərdə Rusiya ilə əməkdaşıq etməyə hazır olduqlarını bildirib.
“Çox güman ki, ABŞ və Rusiyanın qeyd olunmuş məsələlərlə bağlı mövqeyi üst-üstə düşür. ABŞ bu iki maraqlara paralel yanaşmağın vacib olduğunu hesab edir və biz Rusiya ilə bunun əsasında çalışmağa hazırıq”. SİTATIN SONU. Maraqlı burasıdır ki, müdafiə naziri bu açıqlamanı Vaşinqtonda ukraynalı həmkarı Srepan Poltorak ilə görüşü zamanı verib.
Bu arada isə Bağdadda Rusiya, Suriya və İranın Hərbi Koordinasiya Komitəsi yaradılıb. Bu barədə Fox News telekanalı məlumat yayıb.
Komitə İŞİD-lə mübarizə aparan və İran tərəfindən dəstəklənən şiə silahlı birləşmələri ilə addımları əlaqələndirəcək.
ABŞ kəşfiyyatı bildirir ki, yaradılan qurumda orta vəzifəli rusiyalı məmurlar da fəaliyyət göstərir. İraq hökumətinin komitədə rolu barədə hələlik məlumat verilmir.