Şəkidə ağır qəza: sürücü öldü, sərnişin ağır yaralandı
Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə gecə saat 02.00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Şəki rayonu Baş Zəyzid kənd sakini, 1972-ci il təvəllüdlü Etibar İbrahimxəlilov idarə etdiyi “VAZ 21074” markalı, minik avtomobili ilə Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü Etibar İbrahimxəlilov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, sürücünün həmkəndlisi 1973-cü il təvəllüdlü Vahid Mehdiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.