Ağsu sakini: "Biz sudan necə istifadə olunduğunu bilmirik"
Ağsu rayonun Bico kənd sakinləri neçə illərdir ki, susuzluqdan əziyyət çəkirlər. 600 fərdi təsərrüfatda 2000-dən çox sakinin yaşadığı kənddə suyun olmaması kənd sakinləri narazıdır.
Kənd sakinlərinin APA TV-nin yerli bürosuna bildirdiyinə görə, hazırda elə ev yoxdur ki, orada dəmirdən və ya mişar daşından tikilmə su çənləri olmasın. Rayon mərkəzindən nəqliyyat vasitəsilə kəndə gətirilən içməli suyun qiyməti 15 manatdan 30 manatadək dəyişir.
Kəndlilər ailənin içməli suya olan tələbatını ödəmək üçün ayda 2 dəfə maşınla su gətizdirdiklərini deyirlər. Onlar içməli suyu baha qiymətə aldıqlarını, məcbur olaraq mal-qaraya da həmin sudan verdiklərini bildirirlər.
Kənddə içməli su ilə yanaşı suvarma suyunun da olmaması problemləri daha da artırır. Fərdi həyətyanı sahələrdəki meyvə ağaclarının, əkin sahələrinin susuzluqdan quruyaraq məhv olduğunu deyən kənd sakinləri təklif edir ki, Bico kəndinin ərazisində artezian quyusu qazilsa problem öz həllini tapa bilər.
Kənd sakinləri deyir ki, neçə illərdir əkin sahələri suvarma suyuna, eləcə də təsərrüfatdakı mal-qara suya həsrət qalıblar.
Ağsu rayon Suvarma Sistemləri İdarəsindən bildiriblər ki, problemdən xəbərdardırlar. İdarədən deyiblər ki, Bico kəndində su çatışmazlığının aradan qaldırılması üçün tədbirlər görüləcək.