Platinidən şok etiraf: FİFA prezidentinə cinayət işi açıldı
İsveçrə prokurorluğu FİFA prezidenti Yozef Blatterə qarşı cinayət işi açıb. APA TV-nin xəbərinə görə, dünən Yozef Blatter prokurorluq əməkdaşları tərəfindən dindirilib.
Bundan əvvəl naməlum səbəbdən onun mətbuat konfransı ləğv edilib. İsveçrə prokurorluğunun məlumatına görə, FİFA prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.
Blatterin ofisində axtarış həyata keçirilib və bütün sənədlər götürülüb.
FİFA prezidentinin ittiham olunduğu korrupsiya sxemlərindən birində UEFA prezidenti Mişel Platinin də iştirak etdiyi ehtimal edilir. Mişel Platini də Blatterin işi üzrə şahid kimi dindirilib. İsveçrənin ədliyyə qurumlarının məlumatına görə, FİFA-nın səkkizinci prezidenti Mişel Platininin hesabına 2 milyon frank vəsaitin qanunsuz köçürülməsində şübhəli bilinir.
Mişel Platini FİFA rəhbərindən 2 milyon frank aldığını təsdiqləyib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. UEFA prezidenti bəyan edib ki, bu vəsait onun FİFA ilə müqavilə əsasında gördüyü işlərə aiddir.