Piyadalar cəriməni ödəməkdən imtina etdilər

Müşahidələrimizdən, həmçinin sosial şəbəkələrdə rastlaşdığımız fikirlərdən  də məlum olur ki, əhali arasında yol hərəkəti qaydalarının pozulmasına görə yazılan cərimələrin ödənilməsinə münasibət heç də yaxşı deyil. Üstəlik, polisin tərtib etdiyi cərimə protokolunda dırnaqarası səhv tapmağa çalışanlar da var. Məsələn, Pərviz Əzimov adlı facebook istifadəçisi piyadaya tərtib olunan cərimə protokolunun surətini paylaşıb. Üstəlik, status yazaraq bildirib ki, piyadalar yolu təyin olunmayan yerdən keçdiyi üçün onlara yazılan sənəd tam qanunsuzdur. Pərviz Əzimov iddia edir ki, bu protokol sürücülər üçündür, amma Post-Patrul Xidməti əməkdaşları onu piyadalara da aid edirlər. Deyir, protokolda sürücüdən söhbət gedirsə, bu sənəd piyadaya necə şamil oluna bilər? Onun fikrincə. yol polisi saxta sənədlə cərimə yazır».

 

Pərviz özünə 6 ay əvvəl piyada kimi yazılan cəriməni ödəmədiyini deyir. Xəyalə Məmmədova da cəriməni ödəmək istəmir. Emil Rza adlı facebook istifadəçisi də eyni fikirdədir və o, bir əvvəl yazılmış cəriməni ödəmədiyini deyir. Əli Əsadli isə 2 aydır cəriməni ödəmir. Və sairə.

 

Maraqlıdı, əgər insanların məsələyə yanaşması bu cürdürsə, o zaman bu cərimələr niyə yazılır? Cərimə yazılırsa, onun ödənilməsi necə həyata keçirilməlidir? Cərimə ödənilmədikdə nə baş verə bilər?

 

Bəri başdan bildirək ki, son 7 ay ərzində Bakıda 71 min piyadaya inzibati protokol tərtib edilib. Hər protokolun cəriməsi isə 20 manatdır. Amma bu cərimələr tam ödənilirmi? Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Kamran Əliyevin APA TV-yə bildirdiyinə görə, cərimələrin ödənilməsi ilə bağlı həm sürücülər, həm də piyadalar məsuliyyətli olmalıdırlar. Amma bəzən sürücülər arasında cərimələrin ödənilməsi ilə bağlı mübahisələr yaranır. Bu da avtomobili başqasına satarkən ortaya çıxan mübahisələrdən irəli gəlir: “Çox əfsuslar olsun ki, bizdə sürücülərin əksəriyyəti görürsüz ki, etibarnamə ilə avtomobili digər şəxsə verir. Belə hesab edirlər ki, mən bu avtomobili satdım. Nəqliyyat vasitəsini alan şəxs bilməlidir ki, avtomobilin ondan əvvəlki sahibi onun inzibati qaydada məsuliyyətə cəlb olunubsa, cərimə yazılıbsa həmin şəxs cəriməni ödəmirsə, həmin nəqliyyat vasitəsinin saxlanılması barədə qərar çıxarılır. İki ay müddətinə cərimə ödənilmirsə, həmin avtomobilin saxlanılması barədə qərar çıxarılır. Və avtomobil saxlanılır, qoyulur mühafizə olunan duracağa”.

 

Kamran Əliyevin sözlərinə görə, sürücülərdən fərqli olaraq, piyadalar cəriməni 3 ay müddətinə ödəmədikdə bu proses icbarı icraya yönəldilir. Bu da o deməkdir ki, həmin şəxsin əmlakına həbs qoyulur.

 

Yol polisi cəriməni ödəməyənlərə müraciət edərək bildirdi ki, yaxın gələcəkdə cərimə ödəməkdən yayınan şəxslərə qarşı müxtəlif məhdudiyyətlər tətbiq oluna bilər. Məsələn, onlar ölkəni tərk edə, bankdan kredit götürərkən istəklərinə nail ola bilməyəcəklər: “Belə bir sistem hələ mövcud deyil. Amma gələcəkdə hazırlanıb işə düşəcək”.

 

Kamran Əliyev bildirib ki, cəriməni vaxtında ödəyən sürücülərlə yanaşı, ödəməkdən boyun qaçıranlar da var. 3 ay keçəndən sonra Belə sürücülərin barəsində digər bir inzibati protokol tərtib olunur. Nəticədə  onların avtomobili cərimə meydabçasına qoyulur, sürücülük hüququ isə 6 aydan 1 ilədək məhdudlaşdırıla bilir. Sürücü yalnız cəriməni və onun üstünə gələn faizi ödədikdən sonra məhkəmə vasitəsilə sürücülük hüququnun qaytarılmasına nail ola bilir: “Birinci növbədə heç kəs qaydanı pozmamalıdır ki, cərimə olunmasın.  Əgər qaydanı pozubsa, cəriməsi varsa, vaxtında ödəsin. İnzibati Xətalar Məcələlsinin 451-ci maddəsində də göstərilir ki, əgər cəriməni 3 iş günü ərzində ödəyərsə, bu halda sürücü  10 faiz güzəşt əldə edir”.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirdi ki, piyadalara yazılan protokollarla bağlı səslənən iradlar kökündən yanlışdır: “Yol hərəkəti haqqında qanunun tələbini pozan istənilən hərəkət iştirakçısına tərtib edilmiş protokollar formaca eyni olur. Yəni, sürücüyə tərtib olunmuş inzibati protokola piyadaya tərtib olunmuş inzibati protokol eynidir”.

 

Vaqif Əsədovun sözlərinə görə, cəriməni 3 ay ərzində ödəməyən sürücülər sonradan hansı aqibətlə üzləşirlərsə, cərimə olunmuş piyadaları da eyni aqibət gözləyir. Odur ki, protokolu cırıb atmaq həmin şəxsin özünə ziyandı.

 

Müəllif | Apa.Tv