İran Həcc faciəsinə görə Səudiyyəni qınadı, Ərdoğan müdafiə etdi
Tehranda Minadakı faciə ilə əlaqədar Səudiyyə Ərəbistanı əleyhinə aksiya keçirilib. APA TV-nin məlumatına görə, aksiya iştirakçıları "Minada ehramlar kəfən oldu", "Səud ailəsi Həcci idarə etməyə layiq deyil" şüarları səsləndiriblər və İran paytaxtının İnqilab meydanına yürüş ediblər.
Aksiya iştirakçıları bəyan ediblər ki, Həcc ziyarəti İslam ölkələri tərəfindən ortaq idarə edilməli, İslam Əməkdaşlıq Təşkilatı məsələyə müdaxilə etməlidir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Səudiyyə Ərəbistanı hökumətini müdafiə edib: "Asan deyil. 4 milyondan artıq hacı eyni anda bir yerə toplanır. Belə hadisənin baş verməsini heç kəs istəməz. Amma oldu. Hamısına Allahdan rəhmət diləyirik, "Rəbbimiz bizi təkrarından qorusun!" deyirik. İnanıram ki, bundan sonra görülən tədbirlər fərqli olacaq. Səudiyyə Ərəbistanı hökumətinə qarşı belə hücumları isə doğru hesab etmirəm".
Qeyd edək ki, builki Həcc ziyarəti ard-arda faciələrlə yadda qaldı. Ziyarətin ilk günlərində Məkkədə kranın aşması nəticəsində xeyli sayda insan tələfatının ardınca sentyabrın 24-də Mina dağında baş verən izdihamda 753 zəvvar ölüb, 863 zəvvar müxtəlif dərəcəli xəsarətlər alıb. Ölənlərin sayının artacağı ehtimal olunur.
Sentyabrın 25-də isə hotellərdən birində baş verən yanğında da xeyli sayda zəvvarın zəhərləndiyi bildirilir.