Obamadan sürpriz qərar: ABŞ və Çin yeni yüzilliyin taleyini birgə həll edəcəklər
ABŞ-la Çin "yeni yüzilliyin taleyini" birgə həll etməyə qərar verib.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, onlar buna bir çox sahələrdə birgə əməkdaşlıq etməklə nail olmaq istəyirlər. Bunu Çin Xalq Respublikasının sədri Si Tzinpin və Barak Obama Vaşinqtonda keçirdikləri birgə mətbuat konfransında açıqlayıblar.
"Biz buna qədər Parisdə də bu məsələlər ətrafında danışmışıq. Əgər dünya iqtisadiyyatına hökmranlıq edən iki ölkə bu barədə müzakirələr aparırsa, əldə edilməyəcək heç nə yoxdur", - deyə Obama bildirib.
ABŞ və Çin prezidentləri bu qərardan hər iki ölkə xalqının rifahına hesablanmış planlarını da hesaba aldıqlarını qeyd ediblər. Bura həm də təhlükəsizlik məsələləri daxildir.
Buna rəğmən, dünya bazarında ayrı-ayrılıqda yarana biləcək rəqabət də unudulmayıb. "Biz bunu da sülhlə həll edəcəyik", - deyə Barak Obama əlavə edib.
Prezidentlər beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə yollarını da ön plana çəkiblər. Çin rəhbəri bildirib ki, bu məsələdə Vaşinqtonla Pekinin əməkdaşlığı vacibdir.
Si Tzinpin bildirib ki, ABŞ və Çin iki supergücün əlaqələrində yeni model formalaşmaqdadır. Bu, bütün dünyada istənilən sferada inkişafa təkan verəcək.