Azərbaycan MN: düşmən mövqelərinə 81 dəfə zərbə endirilib

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 74 dəfə pozub.

 

APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Ermənistan ordusu İcevan rayonunun Berkaber kəndində, Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı, Kəmərli və Fərəhli kəndlərində yerləşən mövqelərini atəşə tutub.

 

İşğalçılar Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Yarımca, Çaylı, Ağdam rayonunun Novruzlu, Kəngərli, Yusifcanlı, Mərzili, Cəvahirli, Qaraqaşlı, Nəmirli, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərinə atəş açıblar.

 

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 81 atəş zərbəsi endirib.

Müəllif | Apa.Tv
Apa.tv