Bakıda 22 yaşlı qız özünü dənizə atdı

Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Səbail rayonunda, dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km sola nəzarətsiz ərazidə) bir nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

 

APA TV-nin əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs Bakı şəhəri Binəqədi rayon sakini, 1993-cü il təvəllüdlü Səbinə Rauf qızı Qurbanzadə olub. O, polisə izahatında intihar etmədiyini, bir neçə dəqiqə dənizə baxdıqdan sonra ayağını sürüşdüyünü və qəflətən dənizə yıxıldığını bildirib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv